Attestatla xaricdə təhsil almaq üçün müraciətlər necə həyata keçirilir?
Deyirlər çox gəzən çox bilər. Ən çox uğur şansları da elə onların qarşısına çıxar. Çünkü, həayat pəncərəsindən sadəcə baxıb ətrafı izləməklə yox, özümüz də o biri tərəfdə baş verən hadisələrin bir parçası olanda həyat daha rəngarəng və fərqli olmağa başlayar. Məhz buna görə də, gənclik illərini fərqli yerlərdə, ölkələrdə, tədbirlərdə, arzuladığımız səyahətlərdə keçirmək önəmlidir. Bu dövrdə yaşadığımız hər an, qazandığımız hər xatirə, dost, təcrübə gələcəyimizə açılan bir pəncərədir. Xəyal etdiyimiz şəhərlərə bəzən getmək bir o qədər də asan başa gəlmir. Ölkələrin tələbləri, viza şərtləri, maddi çətinliklər və s. qarşımızda əngəl kimi görünə bilər. Ancaq bu zaman tək attestatla xaricdə təhsil almaq şansı köməyimizə çata bilər. Bunun sayəsində əlavə imtahanlarsız arzuladığımız ölkələrdə yeni həyata başlaya bilərik. Gəlin, daha ətraflı tanış olaq.
Attestatla xaricdə təhsil almaqla bağlı ümumi məlumat
Dünya ölkələri müasir dövrdə tələbə mübadiləsinə xüsusi diqqət göstərir. Bunun sayəsində ölkələrarası əməkdaşlıqların qurulması, turizm, təhsil, müxtəlif xidmət sektorları, cəmiyyətlərdə sosial-mədəni inkişaf daha da sürətlənir. Eyni zamanda günümüzdə ümümilikdə dünya üzrə intellektual səviyyənin bərabər formada inkişafı üçün həmçinin uğurlu gələcəyin təminatı üçün gənclərə müxtəlif formalarda geniş imkanların yaradılması prioritet məsələlərdən biridir. Bu səbəbdən müxtəlif ölkələr gənclərə sadəcə orta məktəb təhsilini təsdiq edən tək attestatla xaricdə təhsil almaq şansı yaradır. Bəzən bu tələbələr arasında inamsızlıq yaratsa da, əslində heç də elə deyil. Yuxarda sadaladığımız və digər səbəblərdən dolayı yaradılan bu fürsəti dəyərləndirməyə dəyər. Bəs bu zaman hansı formada müraciət etmək lazımdır? Hansı sənədlər tələb olunur? və s. kimi sualların cavablarına da aşağıda aydınlıq gətirəcəyik.
Tək attestatla xaricdə təhsil almaq üçün müraciətlər necə həyata keçirilir?
Qeyd etdiyimiz kimi, xarici universitetlərdə tələbə adını qazanmaq üçün sadəcə attestat sənədi kifayət edir. Əgər qəbul imtahanlarından kifayət qədər bal toplaya bilməmisinizsə, yaxud xəyal etdiyiniz ölkədə tələbə olmaq istəyirsinizsə, arzuladığınız ixtisasa qəbul olmaq şərtləri çətinləşibsə bu şans məhz sizin üçündür! Tələblərin asan olmasına baxmayaraq tək attestatla xaricdə təhsil almaq fürsəti sizin üçün geniş ixtisas və nüfuzlu universitet seçimləri təqdim edir. Üstəlik, dövlət və ya özəl universitet seçimi tamamilə sizin öhdənizə buraxılır. Sizin üçün uyğun olan bütün universitetlərə qəbul üçün müraciət edə bilərsiniz. Bəzi universitetlər isə zəhmətkeş tələbələri müxtəlif təqaüdlərlə mükafatlandırır. İllərlə hazırlaşmaq, müxtəlif fənnlərə aid imtahan suallarını cavablamaq tələb olunmasa da, xarici universitetlərdə təhsil almaq üçün müəyyən dil biliklərinə sahib olmaq tələb oluna bilər. Yaxud ali təhsil müəssisələrindən asılı olaraq sizin üçün tədris ilinə əlavə olaraq 1 illik dil hazırlığı kursu təklif oluna bilər. Bu, tələbənin dərsləri dərindən qavraması cəhətdən həmçinin öz ixtisasına dərindən yiyələnməsi baxımından tələb olunur. Eyni zamanda yollandığımız əcnəbi ölkədə insanlarla ünsiyyət qurmağınız mütləqdir. Beləliklə, gəlin, tək attestatla xaricdə təhsil almaq üçün hansı imtahanlara hazırlaşa biləcəyinizlə bağlı tanış olaq.
Attestatla təhsil almaq üçün hansı imtahan nəticələri tələb oluna bilər?
YÖS – Yabancı Öğretim Sınavı olan YÖS Türkiyə universitetlərinin yalnız bakalavr dərəcəsinə qəbul olmaq üçün tələb olunan imtahan nəticəsidir. İmtahanın nəticəsindən asılı olaraq tibb, mühəndislik, memarlıq, hüquq, əczaçılıq, psixologiya və müəllimlik kimi bir çox ixtisaslarda təhsil almaq mümkündür. YÖS imtahanı adətən 80 sualı əhatə edir. Dünyagörüşündən 45 sualı, riyaziyyatdan 30-32 sualı, həndəsədən isə 3-5 sualı cavablamaq tələb olunur. Bəzi universitetlər YÖS imtahanları çərçivəsində namizədlərə fizika, kimya, biologiya, tarix, coğrafiya kimi fənlərdən də imtahan sualları təqdim edir. Suallar türk və ingilis olmaqla iki dildə təqdim olunur.
İELTS – International English Language Testing System – Beynəlxalq İngilis Dili İmtahanı Sistemi – namizədlərin ingilis dili biliklərini yoxlayan beynəlxalq imtahan növüdür. Dünyanın əksər ali təhsil ocaqları tərəfindən daha çox bu imtahanın sertifikatı tələb olunur. İmtahan zamanı namizədlərin, oxumaq, danışmaq, yazmaq və anlamaq bacarıqları yoxlanılır. İmtahan nəticəsi iki il ərzində keçərli olur. Topladığınız bal Avropanın, Amerikanın, Türkiyənin nüfuzlu universitetlərində təhsil almağınızı təmin edir.
TOFEL – Test of English as a Foreign Language İELTS imtahanları ilə oxşar olsa da, strukturu bir qədər fərqli olan bu imtahan növündə namizədlərin ingilis dili biliyi yoxlanılır. İmtahan nəticəsiylə Türkiyə, Avropa və Amerikada təhsil almaq mümkündür. Bu imtahanda ingilis dilində oxumaq, qulaq asmaq, danışıqmaq və yazmaq bacarıqları sınaqdan keçirilir. İmtahanın internet versiyası TOEFL IBT yəni İnternet əsaslı test adlanır. İmtahan qiymətləri müxtəlif ölkələrdə fərqlənsə də, ümumilikdə qiymətlər 150-200 ABŞ dolları aralığında olur.
SAT – (Scholastic Aptitude Test) imtahanı Amerikada bakalavr təhsili almaq istəyən namizədlər arasında populyarlaşan imtahan növüdür. Eyni zamanda nüfuzlu Türkiyə universitetlərinə həmçinin ölkəmizdə ADA universitetinə qəbul olmaq üçün keçərli hesab olunur. İlkin mərhələdə “Riyaziyyat” (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə oxuma), “Writing” (Yazı qabiliyyəti) olmaqla 3 hissədən ibarət test suallarını cavablamağınız tələb olunur. Əgər seçiminiz Amerikada təhsil almaqdırsa hər üç bölməninin suallarını cavablamalısınız. Ancaq Türkiyə universitetlərinə qəbul zamanı isə ilk iki bölmənin suallarını cavablamaq kifayətdir. Daha sonra İngiliscə, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan, İtalyan, Latın, Yapon, Çin kimi fənnlərdən birini seçib sualları cavablayaraq imtahan prosesini yekunlaşdırırsınız. Fənn seçimini isə müraciət edəcəyiniz universitetin tələblərinə uyğunlaşdırmağınız önəmlidir. SAT imtahanı ildə 7 dəfə təqribən hər iki aydan bir keçirilir. İmtahana qeydiyyat üçün (http://sat.collegeboard.com/) saytına daxil ola bilərsiniz.
Yuxarda qeyd olunan imtahanlar ümumilikdə bütün namizədlər üçün keçərli olan ən populyar imtahan növləridir. Ayrı-ayrı ölkələrdə tibb, hüquq, mühəndislik və s. kimi spesifik ixtisaslar üçün xüsusi imtahan növləri tətbiq olunur ki, onlara da müraciət etmək mümkündür. Bunun üçün təhsil almaq istədiyiniz ölkələrin təhsil saytlarını araşdırmaq lazımdır. Yaxud xaricdə təhsil xidmətləri təklif edən şirkətlərə müraciət edə bilərsiniz.
Ümumilikdə bu kimi beynəlxalq imtahanlar sayəsində təqaüd əldə etmək fürsəti də mümkündür. Beləliklə, əgər tək attestatla xaricdə təhsil almaq həm də təqaüdlərdən yararlanmaq istəyirsinizsə şansınızı yoxlamağa dəyər.
Xaricdə təhsil almaq üçün hansı ölkələrə üz tutmaq uyğundur?
Hazırda bir çox dünya ölkələri sadəcə attestat sənədiylə gənclər üçün xaricdə təhsil almaq fürsəti yaradır. Həmin ölkələr siyahısına Polşa, İtaliya, Ukrayna, Gürcüstan, Türkiyə, Litva, Latviya, Avstraliya, Macarıstan, Yunanıstan, Xorvatiya və s. kimi dövlətlər daxildir.
Tək attestatla xaricdə təhsil almaq üçün hansı sənədlər tələb olunur?
- Məktəbdən arayış və ya attestat
- Xarici pasport
- Qiymət ortalaması (9-10-11-ci sinif qiymətləri)
- 3×4-ə şəkil
Xaricdə təhsil almaq istəyən gənclər hansı ixtisasları seçə bilər?
Dünyada tanınan nüfuzlu universitetlər attestatla və ya imtahanla qəbul alan tələbələr arasında hər hansısa seçim fərqi qoymadan onlara bütün ixtisaslar üzrə seçim imkanları təklif edir. Həmin peşələrə iqtisadiyyat, beynəlxalq münasibətlər, idarəetmə (menecment), maliyyə, bank işi, turizm, müəllimlik, mexanika mühəndisliyi, elektrik mühəndisliyi, komputer mühəndisliyi, psixologiya, fizioterapiya, jurnalistika, inşaat mühəndisliyi, aqronomluq, incəsənət, idman və s. kimi sahələr daxildir.
Attestatla xaricdə təhsil almaq üçün illik təhsil haqqları necə dəyişir?
İllik təhsil haqqları hər ölkənin universitetlərinin qəbul şərtlərindən, ixtisaslardan, təhsil proqramlarından və cari ildəki dəyişikliklərdən asılı olaraq dəyişir. Ümumilikdə nisbətən münasib hesab olunan ölkələr siyahısına isə Türkiyə, Fransa, Almaniya, Hollandiya, Avstraliya, Yeni Zelandiya və s. daxildir.
Attestatla xaricdə təhsil alarkən diplomlar sonradan tanınırmı?
Sadəcə attestatla əcnəbi tələbələrə qapılarını açan universitetlər tədris ilinin sonunda onları beynəlxalq diplomlarla təmin edir. Bu o deməkdir ki, ölkəmizdə və Avropanın istənilən nöqtəsində uğurlu karyeranızı qura bilərsiniz. Və ya mütləq şəkildə planlarınız varsa və bu mövzuda çox narahatsınızsa müraciət etmək istədiyiniz universitetlərin diplomlarının tanınmasına dair Təhsildə Keyfiyyət Təminatı Agentliyininin (TKTA) ölkəmizdə rəsmi şəkildə tanınan xarici ali təhsil ocaqlarının yer aldığı siyahısı ilə tanış ola bilərsiniz.
Attestatla xaricdə təhsil alıb məzun olduqdan sonra diplomlar ölkəmizdə necə təsdiqlənir?
Xarici universitetlərdən məzun olan tələbələr diplomu və digər zəruri sənədləri Azərbaycan dilinə tərcümə etdirərək notarial qaydada təsdiq etdirib Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) diplomun tanınması ilə bağlı (nostrifikasiya olunması ilə bağlı) online müraciət etməlidirlər. Qeydiyyat elektron ərizə sistemi vasitəsi ilə həyata keçirilir. Qeydiyyat zamanı təqdim edilən elektron poçt və mobil nömrə daimi olaraq istifadə edilən olmalıdır. Belə ki, qeydiyyat zamanı təqdim olunan əlaqə vasitələrinə ərizələrlə bağlı mütəmadi olaraq məlumat göndərilməkdədir. Lakin ərizəçilər sənədlərini Agentliyə mail vasitəsi ilə yox, TKTA-nin “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” üzrə Elektron Ərizə Sisteminə daxil olub qeydiyyatdan keçməlidir. Əks halda elektron poçt vasitəsi ilə göndərilən sənədlərə baxılmayacaq.
Diplomlar Azərbaycanda hansı səbəblərə görə təsdiqlənməyə bilər?
“Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi – nostrifikasiyası qaydaları”na əsasən, xarici ali təhsil ixtisasının tanınmasından imtina qərarı aşağıdakı hallarda verilə bilər:
- Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün müddət Azərbaycanda təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda;
- Təhsil haqqında sənədin verildiyi ölkədə həmin sənədin verdiyi hüquqlar Azərbaycanda müvafiq sənədin verdiyi hüquqlardan az olduqda – məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa;
- Xarici ölkələrdə verilən təhsil ixtisaslar üzrə əyani-qiyabi olduqda, lakin Azərbaycanda həmin iixtisas üzrə belə təhsil formasına yol verilmədikdə;
- Sənədi verən ölkədə və Azərbaycanda təhsilin müvafiq strukturlarına qoyulan digər tələblərin uyğunsuzluğu – məsələn, təhsil müddətində ciddi fərqlər, təhsil formasının distant olması, ali təhsil müəssisəsinin akkreditasiyasının olmaması və s. aşkarlandıqda.
Attestatla xaricdə təhsil üçün müraciət edərkən tələbələrə hərbi xidmətdən möhlət hüququ verilirmi?
Bu, gənclər arasında ən çox müraciət olunan suallardan biridir. Bildirmək istəyirk ki, attestatla xaricdə təhsil almaq istəyən tələbələrə hərbi xidmətdən möhlət hüququ verilir.
Attestatla xaricdə təhsil almaq istəyən namizədlər hansı üstünlükləri qazanır?
Ümumilikdə imtahanlarsız, əlavə streslərsiz arzuladığımız ölkəyə sadəcə attestat sənədi ilə yollana bildiyimizi nəzərə alsaq, bunun özü böyük bir fürsətdir. Bizi yeni uğurlar, inkişaf, fərqli təcrübələr, dostlar, karyera fürsətləri və daha çoxu gözləyir. Eyni zamanda qəbul aldığımız universitetlərin əksəriyyəti tələbələr üçün yataqxana təkliflərini də təqdim edir. Nəticə etibarı ilə münasib formada təhsil və yaşayış imkanlarımız asanlaşır. Eyni zamanda fərqli mədəniyyətlər, şəhərlər, xalqlar, müəllimlər, təhsil formaları, zəngin kitabxanalar dünyagörüşümüzü, bilik və bacarıq səviyyələrimizi də müsbətə doğru dəyişər. Növbəti mərhələdə qazana biləcəyimiz hər şey isə özümüzdən asılıdır. Unutmayın ki, böyük uğurlara imza atmaq hədəflərimiz varsa, daim öz üzərimizdə işləyəcəyiksə uğur daim bizimlə olar!
Mövzu haqqında fikir bildir.