Xaricdə təhsil almaq haqqında suallarına cavab tapacaqsınız!

Xaricdə təhsil almaq haqqında suallarına cavab tapacaqsınız!

Belə bir ifadə var. Əslində həyatda kimisə qabaqlamaq, ötüb keçmək deyə anlayış yoxdur. Hərkəsin öz yolu var. Və hansı yoldan başlamağı, necə addımlamağı, haraya çatmaq istədiyimizi biz özümüz seçərik. Bəzilərimiz üçün də uzun səfərlərə çıxmaq, fərqli yerlərdə öz şansını axtarmaq bir həyat yoludur. Hansı ki, doğurdan da sadəcə başqa bir şəhər həyatımızı sıfırdan dəyişə bilir. Günümüzdə xaricdə təhsil almaq üçün öz ölkəsini dəyişən minlərlə gənc var. Sevindirici haldır ki, onlar arasında elə ö həmyerlilərimiz də var. Elə bizim ölkəyə axın edən tələbələr də az deyil. Bu gün fərqli ölkələrdə tələbə həyatı yaşamaq istəyənlər üçün faydalı məlumatlar paylaşacağıq. Gəlin görək xaricdə təhsil almağın hansı üsulları var?, Şərtlər necədir?, Ümumiyyətlə prosedurlar necə tənzimlənir?

Xaricdə təhsil almağın hansı yolları var?

  • Tək attestat sənədiylə
  • Beynəlxalq imtahan nəticələri ilə (YÖS, SAT, İELTS, TOEFL və s.)
  • Təqaüd proqramlarıyla
  • Xaricdə təhsil dövlət proqramı ilə

Tək attestat sənədiylə qəbul haqqında

Təəccüblü səslənsə də, tək attestat sənədiylə nüfuzlu universitetlərdə tələbə adını qazanmaq mümkündür. Üstəlik sonda əldə olunan diplomlar beynəlxalq səviyyədə tanınır. Tələbələrə geniş universitet və ixtisas seçimi təqdim olunur. Arzuladığınız ölkəni, universiteti dəqiqləşdirib ona uyğun araşdırmalar edərək yaxud xaricdə təhsil ekspertlərinə müraciət edərək ətraflı məlumat ala bilərsiniz. Lakin bir məqamı unutmaq olmaz ki, müraciət edilmə formasından aslı olmayaraq müxtəlif universitetlər sizdən dil biliklərini təsdiq edən imtahan nəticələri tələb edə bilər. Bu məsələn, Türkiyə universitetləri üçün YÖS, ingilis dilli universitetlər üçün İELTS, TOEFL və s. ola bilər. Bəzən isə tədris ilinə əlavə bir il müvafiq dil kursunda iştirak tələb olunur. 

Beynəlxalq imtahan nəticələri ilə (YÖS, SAT, İELTS, TOEFL və s.)

Müxtəlif universitetlər tərəfindən tələb olunan bir çox imtahan növləri vardır ki, sadəcə həmin imtahan testlərindən uğurla keçərək nüfuzlu universitetlərdə tələbə adını qazana bilərsiniz. Gəlin onlardan bəziləri ilə tanış olaq.

  • YÖS – Yabancı Öğretim Sınavı olan YÖS Türkiyə universitetlərinin yalnız bakalavr dərəcəsinə qəbul olmaq üçün tələb olunan imtahan nəticəsidir. 
  • İELTS – International English Language Testing System – Beynəlxalq İngilis Dili İmtahanı Sistemi – namizədlərin ingilis dili biliklərini yoxlayan beynəlxalq imtahan növüdür. Dünyanın əksər ali təhsil ocaqları tərəfindən daha çox bu imtahanın sertifikatı tələb olunur.
  • GRE Bir çox ABŞ universitetlərinin magistratura proqramlarına müraciət üçün nəzərdə tutulan imtahan növüdür. İmtahan tələbələrin şifahi, riyazi, esse yazma və tənqidi düşünmə qabiliyyətlərini ölçür. Əldə olunan nəticə 5 il müddətində keçərli olur. 
  • TOEFL – Test of English as a Foreign Language İELTS imtahanları ilə oxşar olsa da, strukturu bir qədər fərqli olan bu imtahan növündə namizədlərin ingilis dili biliyi yoxlanılır. İmtahan nəticəsiylə Türkiyə, Avropa və Amerikada təhsil almaq mümkündür. 
  • SAT –  (Scholastic Aptitude Test) imtahanı Amerikada bakalavr təhsili almaq istəyən namizədlər arasında populyarlaşan imtahan növüdür. Eyni zamanda nüfuzlu Türkiyə universitetlərinə həmçinin ölkəmizdə ADA universitetinə qəbul olmaq üçün keçərli hesab olunur. 
  • GRE – Graduate Record Examination – beynəlxalq imtahanı qabaqcıl universitetlərdə magistr, MBA və doktorantura təhsili almaq istəyən tələbələr üçün həyata keçirilir. Burada namizədlərin şifahi və kəmiyyət əsaslı düşünmə (verbal and quantitative reasoning) və analitik yazı bacarığı (analytical writing skills) sınaqdan keçirilir. Amerika universtetlərində təqaüdlü təhsil almaq istəyənlər üçün bu imtahan üzrə nəticələr olduqca əhəmiyyətlidir.
  • GMAT – Graduate Management Admission Test – Amerika, Kanada, Avstraliya, Avropa və Türkiyənin nüfuzlu universitetlərinə qəbul olmaq üçün uğurlu seçimlərdən biridir. Əksər universitetlər magistratura təhsili üzrə bu imtahan növünün nəticəsinə önəm verir. 

Təqaüd proqramlarıyla qəbul

Dünyanın demək olar ki, elə bir universiteti yoxdur ki, beynəlxalq tələbələr üçün hər hansısa təqaüd proqramlarına sahib olmasın. Həmin burs proqramları müxtəlif səviyyələrdə tətbiq oluna bilər. Bunun üçün getmək istədiyiniz ölkələrin, universitetlərin siyahısını tutaraq orada mövcud olan təqaüd proqramlarını, müraciət formalarını, tələb və ya şərtlərini araşdıra bilərsiniz. Ümumilikdə isə qeyd edə bilərik ki, tələbələrə ən çox təqaüd qazandıran ölkələr arasında Türkiyə, İtaliya, Polşa, Amerika, Macarıtsan və s. yer alır. Müsbət cavab aldıqdan sonra bursun əhatə dairəsi çərçivəsində təhsil, aviabilet, yaşayış, sığorta və s. kimi xərcləriniz qarşılanır. 

Xaricdə Təhsil Dövlət Proqramı ilə qəbul haqqında

Azərbaycanlı gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında Dövlət Proqramı Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsdiq edilib. Bu proqramdan xarici ölkələrin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsil alacaq Azərbaycan Respublikasının vətəndaşı olan gənclər yararlana bilər. Qəbul olan namizədlərin xərcləri dövlət tərəfindən qarşılanır. Proqrama müraciətlər elektron ərizə sistemi vasitəsi ilə həyata keçirilir. Müraciət etmək üçün isə bu linkə daxil ola bilərsiniz. Bundan başqa, elektron ərizəni doldurmazdan öncə müvafiq təhsil səviyyəsi üzrə tələb olunan bütün sənədlərin elektron surətlərini hazırlamağınız tövsiyə olunur. Namizədlər müraciətlərini Elektron Ərizə Sisteminin “Şəxsi kabinet” bölməsindən izləyə bilərlər. Qeyd edək ki, bu proqramdan yararlanan tələbələrdən təhsilini bitirdikdən sonra ölkəyə qayıdaraq 5 il ərzində ölkənin karyera bazarında yer alan müxtəlif qurumlarda çalışmaları tələb olunur.

Xaricdə təhsil almaq bizə nə qazandırır?

Təhsil sayəsində mümkünsüz görünən bir çox sərhədləri aşmaq mümkündür. Xüsusilə gənclik illərində bu fürsəti dəyərləndirmək həyata bir addım öndən başlamaq deməkdir. Yəqin ki, siz də xaricdə təhsil almaq üçün yollansam nə qazanacam? deyə sual haqqında düşünmüsünüz. Yaxud bu addımı atmaq sizin üçün olduqca riskli görünür. Biz uzun illərin təcrübələrinə əsaslanaraq müsbət tərəflərini sizinlə bölüşürük. Düşünürük ki, bu qeydlər həyatınızın ən önəmli qərarlarından birini verməkdə sizə dəstək olacaq.

  • Təhsil almaq istədiyiniz peşə üzrə tam formada ixtisaslaşmış universitet seçimi
  • Xarici ölkənin təhsil təcrübəsi
  • Fərqli ölkələrdən yeni dostlar
  • Rəngarəng şəhərlər, unudulmaz xatirələr
  • Yeni dil öyrənmək şansı
  • Geniş karyera imkanları
  • Beynəlxalq diplom
  • Öz həyatını sıfırdan qurmaq bacarıqlarını qazanaraq uğurlu karyera yaratmaq şansı və s.

Arzuladığın və ya daha nüfuzlu universitetdə təhsillə bağlı ətraflı məlumatı hardan almaq olar?

Ümumilikdə bütün xarici universitetlərin rəsmi internet saytlarında bütün məlumatlar ətraflı şəkildə qeyd olunurı. Ancaq həmn məlumatlar sizi qane etmirsə xaricdə təhsil ekspertlərinə, yaxud həmin ölkələrdə hazırda təhsil alan tələbələrə üz tuta bilərsiniz. Yaxud universitetin emailinə məktub ünvanlaya bilərsiniz. Əmin olun ki, istənilən halda suallarınız cavabsız qalmayacaq.

Xaricdə istənilən ölkədə təhsil aldıqdan sonra orada qalıb karyera qurmaq mümkündürmü?

Bu məsələ tələbələr tərəfindən ən çox ünvanlanan suallardan biridir. Bildirmək istəyirik ki, bu sualın cavabı hər tələbəyə görə dəyişə bilər. Çünkü tələbəlik illərində özünüz üçün təcrübələr, əlaqələr yaratsanız artıq gələcək işiniz hazırdır deyə bilərik. İstənilən halda bütün ölkələrin beynəlxalq tələbələrə öz qapılarını açmaq məqsədi peşəkar formada yetişən kadrdan müsbət istiqamətlərdə qarşılıqlı olaraq yararlanmaqdır. Öhdənizə düşən həmin şansı layiqincə dəyərləndirməkdir. Tələbəlik illərində daha çox araşdırna, təcrübələr qazanmağa, yeni dil və ya dillər öyrənməyə çalışın.

Xaricdə təhsil üçün hansı universitetlərə üz tutmaq olar?

Fərqli ölkədə təhsil almağa başlamaq qərarını verərəkən bütün məsələləri gözdən keçirmək önəmlidir. Xəyallarınızı, universitetin nə dərəcədə sizə fayda verəcəyini, büdcənizi, şəhərin yaşayış tərzini hətta iqlimini və s. Bütün bunların hamısı vacib faktorlardır. Məsələn, soyuq iqlimə alergiyanız varsa siz Norveçdə təhsil almağa hədəflənə bilməyə bilərsiniz. Baxmayaraq ki, ölkə həyat, təhsil səviyyəsi ilə bütün dünyaya meydan oxuyur. Bütün bunlardan sonra beynəlxalq reytinq agentliklərinin siyahılarında yer alan universitetlərə və ölkələrə də baxa bilərsiniz. Ümumilikdə dünya üzrə yüksək səviyyəli təhsili ilə tanınan ölkələrin ilk onluğu aşağıdakı kimidir.

  • Finlandiya
  • Cənubi Koreya
  • Hollandiya
  • Danimarka
  • İngiltərə
  • İsveç
  • İsrail
  • ABŞ
  • Norveç
  • Yaponiya

Xarici ölkədə təhsil alaraq işləmək mümkündürmü?

Yəqin ki, bu sualın cavabıı bilməyən çox az insan  var. Ancaq yenə də xatırladaq ki, fərqli ölkələrdə tələbələr üçün müxtəlif sahələr üzrə part-taym işlər mövcuddur. Eyni zamanda texnologiya dövrünün üstünlüklərindən yararlanın. Onlayn frilans işlər götürərək büdcənizi artıra bilərsiniz. 

Xaricdə təhsil haqqları nə qədərdir?

Təhsil haqqları hər ölkəyə görə dəyişir. Nisbətən sərfəli ödənişlərlə əcnəbi tələbələrə öz qapılarını açan ölkələr arasında Türkiyə, Polşa, İtaliya, Rusiya, Gürcistan, Almaniya və s. yer alır. Təhsil almaq istədiyiniz ixtisas ürə araşdırma edərək ən münasib ölkəni seçə bilərsiniz. 

Xarici universitetlərə müraciət zamanı CV necə hazırlanmalıdır?

Müsbət cavab almaq üçün zəruri hesab oluna bütün sənədlərin qaydasında olmasına diqqət yetirin. Xüsusilə CV-niz sizin adınızdan danışan vacib sənədlərdən biri olduğu üçün, oradakı məlumatları gözdən keçirərkən aşağıdakı hərəkət sıralaması izləməyiniz faydalı olacaq.

  • Məlumatlarınızın düzgün və dolğun olduğuna əmin olun
  • Önəmli olmayan məlumatlarla CV səhifəsinin sayını artırmayın
  • Orfoqrafiya qaydalarına riayət edin
  • Şişirdilmiş şriftlərdən və göz yoran rənglərdən istifadə etməyin
  • Mətn şrifti ümumi olaraq 12, başlıqlarda isə 16 və ya 18 olmalıdır
  • Təcrübələrinizin yenidən köhnəyə doğru sıralanması daha münasib hesab olunur.

Qeyd etməli olduğunuz məlumatlar isə aşağıdakı kimidir.

  • Şəxsi məlumat
  • Akademik qeydlər
  • Seçdiyiniz proqrama uyğun olaraq zəruri olan imtahan nəticələri
  • Bacarıqlarınız
  • Könüllü və ya iş təcrübələriniz və ya tələb olunan digər məlumatları əlavə etmək faydalıdır.

Bu məqaləmizdə xaricdə təhsillə bağlı bir çox məqamlara toxunmağa çalışdıq. Ümid edirik ki, xəyallarınızın ardınca getmək üçün bütün əzminiz və cəsarətinizlə addım atacaqsınız. İnkişafdan və doya-doya gənclik yaşamaqdan zövq alın!

Ən çox verilən suallar

Hansı ölkələrdə təhsil almaq prestijlidir?

Təhsil səvyyəsi yüksək olan ölkələr siyahısına ABŞ, İngiltərə, İsveç, Almaniya, Türkiyə və s. daxildir.

Xaricdə təhsil aldıqdan sonra diplomlar tanınırmı?

Bəli, əksər universitetlərin diplomları rəsmi şəkildə tanınır.

Ən sərfəli təhsil haqqı hansı ölkələrdədir?

Polşa, İtaliya, Litva, Türkiyə, Gürcistan və s.

Bütün ixtisaların təqaüd proqramları varmı?

Əksərən fərqli ölkələrdə müxtəlif ixtisaslar üzrə burs proqramları tapa bilərsiniz.

Mövzu haqqında fikir bildir.

Məqalə haqqında sual və təkliflərinizi qeyd edin. (Mail ünvanı görünməyəcək) *